Əhalisi azalan kəndlərin çox olduğu regionların adları açıqlanıb
Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir. Bu şəhərin əhalisi son 20 ildə cəmi 10,5 min nəfər (11%) artıb.
"BI"nin məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov deyib.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib. Həmçinin regionlarda orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, 1999-cu il siyahıyaalınmasına əsasən əhalisi 10-20 min arasında olmuş inzibati rayon mərkəzlərinin demoqrafik inkişafı əsasən ləng gedir. Son 20 il ərzində onların əksəriyyətində əhalinin orta illik artımı 1%-dən aşağı olub, bu kateqoriyadan olan inzibati rayon mərkəzləri arasında yalnız Ağsu, Biləsuvar, həmçinin Neftçala şəhərlərində nisbətən sürətli artım qeydə alınıb.
R.Kərimov son illərdə əhalisi azalan kəndlərin nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını qeyd edib . O, apardığı tədqiqatın nəticəsi olaraq inzibati rayonların əhalisinin sayını, artım tempini, mövcud demoqrafik potensialı ifadə edən bir neçə xəritə hazırlayıb və onlar əsasında təhlil aparıb.