“SCAN ME” şüarı ilə yayımlanan rəngli QR-kodlara qarşı - DİQQƏTLİ OLUN!

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-kodlara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edib.
Bu barədə Xidmət xəbərdarlıq yayıb.
ETX-nin xəbərdarlığında qeyd olunub ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə “SCAN ME” şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta “Telegram” kanallarına yönləndirilir və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.
Bildirilib ki, vətəndaşlardan əsasən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.