Azərbaycan Mərkəzi Bankı lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyalaşdırmanı elektron qaydada həyata keçirmək üçün xüsusi portal hazırlayıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.
Onun sözlərinə görə, portalın məqsədi kağız daşıyıcılardan istifadəyə son qoyulmasıdır.
"Lisenziya almaq istəyən təşkilat sənədlərini portala yükləyəcək və AMB onları yoxlayacaq. Sənədlərdə hər hansı çatışmazlıq olduqda, yaxud onlar tam olmadıqda lisenziya üçün müraciət etmək mümkün olmayacaq. AMB və təşkilat arasında yazışmalar və təkmilləşdirmə işləri bu portal üzərindən yerinə yetiriləcək. Bu isə tam elektronlaşma deməkdir. Portalın istifadəyə verilməsi səmərəliliyi artıracaq və bazarın müsbət inkişaşfına təsir edəcək.
Portalın ikitərəfi olacaq. Təşkilat üçün olan hissədə səlahiyyətli nümayəndə gücləndirilmiş elektron imza vasitəsi ilə sənədləri daxil edəcək. Bu, qanunvericiliyə uyğun olaraq yazılı imzaya bərabər olacaq. Hazırda bu proses yekunlaşmaq üzrədir və qısa zamanda onun real rejimdə istifadəsinə başlayacağıq", - deyə AMB rəsmisi qeyd edib.