Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq

Mayın 19-23-də Azərbaycandan ABŞ-yə ikinci bank missiyası həyata keçiriləcək.
ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) verilən məlumata görə, bu missiya çərçivəsində Vaşinqton və Nyu-Yorka səfərlər, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctima Birliyi ilə birgə "Bank komplayensi və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi" adlı tədbir təşkil olunacaq.
Təşəbbüsün məqsədi Azərbaycan bankları ilə ABŞ-nin tənzimləyici orqanları, aparıcı maliyyə institutları və sahə ekspertləri arasında əməkdaşlığı gücləndirməkdir.
"Son illərdə Azərbaycan və ABŞ bankları arasında maliyyə sahəsində qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Biznes və ticarət əlaqələrinin inkişafı üçün yeni perspektivlər açılıb. Azərbaycanın bank sisteminə inamın artması və ölkənin maliyyə sektorunda peşəkarlığın yüksəlməsi ABŞ bankları ilə davamlı müxbir münasibətlərinin qurulmasında əsas rol oynayıb", - USACC-dən bildirilib.
Palatanın məlumatına görə, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ABŞ maliyyə bazarlarına ən böyük investordur. Bu, ölkənin Birləşmiş Ştatlarla iqtisadi və maliyyə əlaqələrini dərinləşdirmək istəyini göstərir.
"İkinci bankçılıq missiyası artan tərəfdaşlığa əsaslanır. Proqram Azərbaycan komplayens mütəxəssislərinin ixtisasının artırılmasına, təcrübə mübadiləsinə, normativ tələblərə riayət olunması ilə bağlı təcrübələrin təkmilləşdirilməsinə, maliyyə şəffaflığının təşviqinə və beynəlxalq tənzimləmə standartları ilə uyğunlaşdırılmasına yönəlib", - palatadan bildirilib.
Xatırladaq ki, ötən il ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyası Azərbaycan Mərkəzi Bankının sədrinin rəhbərliyi altında ilk bankçılıq missiyasını keçirib. Missiyada ölkənin 11 aparıcı bankının top-menecerləri iştirak edib.
Bu missiya çərçivəsində ABŞ Beynəlxalq Maliyyə Korporasiyası (DFC), “Exim Bank”, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu, həmçinin “The Bank of New York Mellon” ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan əlavə, səfər zamanı "TuranBank" "Habib American Bank"da ABŞ dollarında müxbir hesab açıb. Həmin ildə “Kapital Bank” və “Xalq Bank” da “The Bank of New York Mellon” ilə əməkdaşlığa başlayaraq orada öz müxbir hesablarını açıblar.