Bank

Azərbaycandakı bankların 55 faizinin depozit portfeli "əridi" - RENKİNQ - SƏBƏBLƏR

Azərbaycan banklarının öhdəliklərinin strukturunda ən böyük payı olan depozit portfelidir. Bu ilin birinci rübündə 22 bankdan 12-sində depozit portfelinin “əriməsi” tendensiyası müşahidə olunub. ENA.az olaraq, əvvəlcə portfel üzrə dinamikanı diqqətinizə təqdim edir və banklarda depozitlərinin həcminin azalmasının səbəblərini izah etməyə çalışacağıq.

Əvvəlcə onu qeyd edək ki, depozit portfeli üzrə ən yaxşı müsbət dinamika Rusiyanın ölkəmizdəki bankı olan Bank VTB Azərbaycanda müşahidə edilib.

Azərbaycandakı Türk banklarında depozit hesabları daha güclü şəkildə kiçilib. “Qırmızı zonada” liderlər “YapıKredi Bank” Azərbaycan və “Ziraat Bank” Azərbaycandır. Bu isə öz növbəsində artıq ipucu kimi hüquqi şəxslərin depozitlərinin həcminə diqqət yetirməyin lazım olduğunu göstərir. 

Ümumi dinamika ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. Portfelin kiçilməsinin səbəblərinə isə cədvəldən sonra açıqlama gətirilib.

Banklar

Depozit portfelinin həcmi, 2025-ci il, I Rüb, mln manatla

 

Depozit portfelinin həcmi, 2024-cü il, yekun, mln manatla

 

Rüblük dinamika, % ilə

 

Bank VTB (Azərbaycan) ASC

128.4

114.2

12.4

Premium Bank ASC

401.3

377.7

6.2

Bank of Baku

618.5

592.5

4.4

Azərbaycan Sənaye Bankı ASC

483.3

465.9

3.7

AccessBank QSC

1060.2

1026.5

3.3

Rabitəbank ASC

690.1

677.2

1.9

ABB ASC

10128.4

10006.5

1.2

Bank BTB ASC

146.9

145.2

1.2

Kapital Bank ASC

9003.9

8978.3

0.3

Unibank KB ASC

1205.3

1204.7

0.0

Bank Melli İran Bakı filialı

35.3

35.6

-0.8

Expressbank ASC

259

262.1

-1.2

PAŞA Bank ASC

6320.8

6410.1

-1.4

Yelo Bank ASC

913.5

928.8

-1.6

AFB Bank ASC

130.8

133

-1.7

Xalq Bank ASC

1818.8

1905.4

-4.5

TuranBank ASC

437.8

461.5

-5.1

Azər Türk Bank ASC

1382.2

1460

-5.3

Bank Avrasiya ASC

57.4

63

-8.9

Bank Respublika ASC

1212.2

1348.1

-10.1

Ziraat Bank Azərbaycan ASC

472.2

565.7

-16.5

Yapı Kredi Bank Azərbaycan QSC

387.1

534.8

-27.6

Yuxarıda qeyd etdiyimiz kimi, 12 bankda depozitlərin azalması ilk növbədə hüquqi şəxslərin hesabları ilə bağlıdır. Belə ki, hər iki türk bankında əsasən ticarət tərəfdaşlarının vəsaitləri yerləşir. Gömrük Komitəsinin statistikasına görə, Türkiyə ilə ötən ilin birinci rübündə idxal 14,51 faiz, ixrac 15,55% təşkil etdiyi halda, bu il yanvar-mart aylarında müvafiq olaraq 13,11 və 10,45 faizə düşüb. Rusiya ilə ticarət həcmi isə əksinə artıb və üstəlik, Rusiya bankları arasında sanksiya siyahısına düşənlərin sayı artdıqca bu ölkə ilə biznes əlaqələri olan azərbaycanlı hüquqi şəxslər hesablarını VTB bank-a daşıyırlar.

Eyni zamanda daha çox iş adamlarının bankı, yəni korporativ bank olan Bank Respublikanın hesablarındakı azalmalar da hüquqi şəxslərin vəsaitlərinin kiçilməsindən xəbər verir. Bu cədvəl ilin əvvəlini əhatə etdiyi üçün həmin dövrdə bəzi bizneslərdə əlavə qalan depozitin çıxarılaraq yenidən biznesə qoyulması amili də rol oynayır.

Son olaraq qeyd etmək istərdik ki, bu cədvəldə görünən tendensiyanı Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada hüquq şəxslərin hesabındakı dinamika da təsdiqləyir. Belə ki, 2024-cü ildə hüquqi şəxslərin depozitlərinin həcmi 23 milyard 397.5 milyon manat olubsa, yanvar-fevral aylarında  23 milyard 311.7 milyon manata düşüb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)