Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatdı

Xəbər verdiyimiz kimi, “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov vəzifədən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Məlumata görə, bu təyinatla nazir Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Hazırda digər 4 nazir müavini postunu Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov və Elmin Məmmədov tutur.
Qeyd edək ki, yeni nazir müavini S. Əsədov əvvəllər də bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.
O, 2007-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində maliyyə və iqtisadi təhlil üzrə əməkdaş olub. 2021-2025-ci illərdə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri, 2014-2021-ci illərdə “Azərkosmos”da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib.
Saməddin Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili alıb, ADA Universiteti və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını, həmçinin Maastrixt Menecment Məktəbi ilə birgə strateji idarəetmə kursunu bitirib. 2024-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti seçilib.