Bu il Azərbaycanda ÜDM 2,5 % artacaq - ROQNOZ

2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5 % artacaq.
Bu proqnozla "Moody's" beynəlxalq reytinq agentliyi çıxış edib.
Agentliyin hesablamalarına görə, Azərbaycanda ÜDM-in artım tempi 2026-cı ildə də eyni səviyyədə qalacaq.
2024-cü ildə ölkə iqtisadiyyatı 4,1 % artıb, 2023-cü ildə isə artım 1,1 % təşkil edib.
"Bu il iqtisadi artım ilk növbədə ötən il ÜDM-in təxminən 60 %-ni təşkil edən qeyri-neft-qaz sektoru hesabına təmin olunacaq. Dövlət investisiyaları, o cümlədən Qarabağın bərpası və infrastrukturun inkişafına sərmayə qoyuluşu iqtisadi artımı dəstəkləyən amil rolunu oynayacaq. Təbii qaz hasilatı və ixracının artması isə iqtisadiyyata əlavə təkan verəcək", - hesabatda bildirilib.
“Moody's” sülh sazişi ilə bağlı danışıqlar irəlilədikcə Azərbaycan və Ermənistan arasında geosiyasi gərginliyin azalacağını gözləyir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə iqtisadi artımı 3,5 %, Azərbaycan Mərkəzi Bankı isə 3,3 % səviyyəsində proqnozlaşdırır.
“S&P Global” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-2026-cı illərdə Azərbaycanda ÜDM ildə 2 % artacaq. “Fitch Ratings” 2025-ci ildə ÜDM artımını 3 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.