Sənaye

BP neft və qaza hər il 10 milyard dollar sərmayə qoyacaq

BP-dən verilən açıqlamaya görə, şirkət "yenidənqurma strategiyası"nın bir hissəsi olaraq maliyyə göstəricilərini yaxşılaşdırmaq və gəlirlərini artırmaq üçün diqqətini fosil yanacaqlara yönəldəcək.

Qalıq yanacaq investisiyalarını hər il 10 milyard dollara çatdırmağı planlaşdıran BP, həmçinin 2030-cu ilə qədər hasilatını 2,3 milyondan 2,5 milyon barelə qədər neft ekvivalentinə çatdırmağı hədəfləyir.

BP bərpa olunan enerji, elektrik nəqliyyat vasitələri və bioqaz kimi enerji keçid xərclərini hər il 1,5-2 milyard dollar səviyyəsində saxlayacaq. Bu məbləğ şirkətin enerji keçidi üçün daha əvvəl elan etdiyi investisiyalardan təxminən 5 milyard dollar aşağıdır.

BP-nin baş icraçı direktoru Murray Auchincloss şirkətin yeni strategiyası ilə bağlı verdiyi açıqlamada gəlirlərini və maliyyə göstəricilərini artırmağı hədəflədiklərini ifadə edərək, "Gələcək illərdə yüksək marjalı enerji istehsal etməyimizi təmin etmək üçün istehsal sərmayələrini artıracağıq. Enerji transformasiyası sərmayələrimizdə çox seçici olacağıq. Bu strategiya, dəyərin uzunmüddətli artırılmasına sarsılmaz diqqət yetirən BP-nin yenidən qurulmuş strategiyasıdır" dedi.

Əvvəlki CEO-nun rəhbərliyi altında şirkət 2020-ci ildə "bərpa olunan enerjiyə investisiyalarını artırarkən 2030-cu ilə qədər neft və qaz hasilatını 40 faiz azaldacağını" elan etmişdi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)