Bank

“Azərbaycan Banklar Assosiasiyası”nın Rəyasət Heyətinin tərkibində dəyişiklik olub

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.

ABA-nın məlumatına əsasən, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.

Qərara əsasən, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Rövşən Allahverdiyev və “Xalq Bank” ASC-nin MŞ-nın sədri Asim Məmmədli RH-dən kənarlaşdırılıb, onların yerinə “Kapital Bank”ın İdarə Heyətinin (İH) sədri Fərid Hüseynov və “Xalq Bank”ın İH-nin sədri Kamran Məcidov seçiliblər. RH-nin sədri “Rabitəbank” ASC-nin MŞ-nın sədri Zakir Nuriyev qalıb, digər üzvlər isə aşağıdakı kimi saxlanılıb:

– “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nin sədri Abbas İbrahimov,

– “PAŞA Bank” ASC-nin İH-nin sədri Cavid Quliyev;

– “Bank Respublika” ASC-nin MŞ-nın sədri Şakir Rəhimov;

– “Bank of Baku” ASC-nin MŞ-nın sədri Elçin İsayev;

– “Unibank” ASC-nin MŞ-nın sədri Eldar Qəribov;

– “Yapı Kredi Bank Azərbaycan” ASC-nin İH-nin sədri Cenk Yüksel;

– “Ziraat Bank Azərbaycan” ASC-nin İH-nin sədri Səlcuq Dəmir;

– “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin sədri Məmməd Musayev;

Yığıncaqda həmçinin ABA və törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatı, 2025-ci il üzrə iş planı, Assosiasiyanın 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək, fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 BOKT, 4 digər təşkilat ABA-nın üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)