Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
![](https://ena.az/uploads/news/2025-02/_ena_0fd249684cffeb0c34ec42ae7_o.jpg)
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.
Ötən ay alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 %-i ərzaq məhsullarının, 4,7 %-i içkilər və tütün məmulatlarının, 14,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olub.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib.
İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,2 %, fərdi sahibkarlar üzrə 3 %, bazar və yarmarkalarda isə 3,6 % artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq qeyri-ərzaq malları alıb.