Tramp Netanyahunun həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
![](https://ena.az/uploads/news/2025-02/_ena_289a7bbd9a4df7a09f1c1945a_o.jpg)
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edib.
Tramp fərmanla bağlı açıqlamasında BCM-nin Amerika və onun İsrail kimi yaxın müttəfiqlərini “əsassız və qeyri-qanuni” hədəfə aldığını iddia edib.
Qəzzadakı hərbi cinayətləri əsas gətirərək Netanyahuya qarşı BCM-nin verdiyi həbs qərarını qəbul etmədiklərini qeyd edən Tramp bu açıqlamaları verib:
"BCM, ABŞ və onun bəzi müttəfiqlərinin, o cümlədən İsrailin şəxsi heyəti üzərində qanuni əsas olmadan yurisdiksiyaya malik olduğunu iddia edib və ilkin təhqiqatlara başlayıb: o, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantı hədəf alan əsassız həbs orderləri verməklə səlahiyyətindən sui-istifadə edib."
BCM-nin ABŞ-ı və İsrail kimi yaxın müttəfiqlərini “hədəf” etdiyini irəli sürən Tramp, bu qurumun rəsmilərinə öz sərəncamı ilə sanksiyaların tətbiq ediləcəyini bildirib.
Fərman ICC rəsmilərinin Amerika vizaları almasına və ABŞ-la maliyyə əməliyyatları aparmasına mane olacaq.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Gallantın Qəzza zolağında İsrail tərəfindən törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsə order verib.
ABŞ rəsmiləri bu qərarı tanımadıqlarını, Konqresdəki bəzi Respublikaçı üzvləri isə BCM-ə sanksiya tətbiq etməyi təklif ediblər.