Sosial iqtisadiyyat

Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb

Azərbaycanın sığorta sektorundan tanınan Azər Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST) də ayrılıb.

ENA.az xəbər verir ki, A.Əliyev İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb.

A.Əliyev 1977-ci ildə Moskva şəhərində anadan olub. Moskva Dövlət Hüquq Akademiyasını ( MDHA) hüquq ixtisası üzrə bitirib. 2000-ci ildə ABŞ-nın Kolorado Universitetində 6 aylıq ingilis dili təhsili alıb. 2001-2003-cü illərdə Fransanın Ruel-Melmezon şəhərində yerləşən Neft Universitetində magistr dərəcəsinə yiyələnib. Karyerasına 1998-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xarici İnvestisiyanın İdarə edilməsi üzrə Hüquq şöbəsində kiçik mütəxəssis vəzifəsi ilə başlayıb. Daha sonra “Teksako” Amerika Neft Şirkətinə neft nəqli üzrə layihə koordinatoru, 2003-2006-cı illərdə Fransanın “Total” Neft Şirkətinin Bakı nümayəndəliyində neftin nəqli sahəsində mühəndis vəzifələrində çalışıb. 2006-cı ildə “Qafqaz” Sığorta Şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ilin əvvəlində “Qafqaz” Sığorta Şirkəti və “Atəşgah” Sığorta Şirkəti birləşdikdən sonra “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə keçib.

2010-2012-ci illərdə “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın sədri kimi fəaliyyət göstərib.

2015-2016-cı illərdə AR Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsində idarə rəisinin köməkçisi ( 1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə “İnter” Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri, “Azərbaycan Sığortaçılar Assosiyasiyası”nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib.

10 yanvar 2023-cü il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 14 fevral 2024-cü il tarixində İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)