Sistem əhəmiyyətli dövlət Bankının maliyyə vəziyyəti necədir? - TƏHLİL
Bu il Azərbaycanda kütləvi səhm buraxılışı ilə böyük rezonans yaradan Azərbaycanın dövlət bankı və sistem əhəmiyyətli bank olan ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ili necə başa vurub? Bu sual və ümumilikdə bankın maliyyə vəziyyəti həm də ABB Bankın 36-37 min aralığında səhmdarlarını da maraqlandırır.
2024-cü il üzrə rekord gəlir - 1 milyard 254.38 milyon manat açıqladı
Əsas payı kreditlərdən formalaşan 659 milyon 964.31 min manat faiz gəlirləri əldə edib. 340 milyon 181.06 min manat qeyri-faiz gəlirlərinin 230 milyon 491 min manat isə haqq və komissiyalardan toplandı. Eyni zamanda, 66 milyon 269.14 min manat xarici valyuta üzrə marjadan, 39 milyon 782.41 min manat digər və 3 milyon 638.51 min manat isə qiymətli kağızlardan gəlir götürüb.
Bank depozit faizlərinin böyük paya malik olduğu 249 milyon 537.64 min manat həcmində faiz xərcləri ödəyib. Faiz xərclərində böyük artım göstərən seqmentlərdən biri isə 4,6 dəfə artımla pul bazarı alətlərinə ödənilən faizlərdir – 46 milyon 176.46 min manat. Qeyri-faiz xərcləri isə 521 milyon 107.82 min manat təşkil edib. Digər xərclər isə 272 milyon 206.85 min manat olub. ABB ehtiyatlara 110 milyon 651.96 min manat ayırıb. Nəticədə vergidən əvvəlki mənfəət 368 milyon 385.59 min manat, 74 milyon 653.55 min manat isə büdcəyə vergi ödənişləri edilib. Nəticədə 293 milyon 293,732 min manat xalis mənfəət açıqlayıb.
Ümidsiz borcdan qayıtma var
Bankın pul hərəkətinə baxsaq görürük ki, kredit və depozit portfellərinin artması ilə əlaqədar alınmış və ödənilmiş faiz məbləğləri artıb. Eyni zamanda, alınmış haqq və komissiyalarda 22 milyon manatlıq bir artım var. Maraqlı məlumatlardan biri də odur ki, bank 2024-cü ildə ümidsiz borclarından cəmi 1 milyon 58 min manatını dirildə bilib. Ümumilikdə problemli kreditlər nə qədərdir, bankın kredit riski üzrə göstəricilər nədir, bunlar hesabatda olmadığından məlumat vermək mümkün deyil.
Aktivlərdə artımın mənbəyi nədir?
Nəticə etibarilə bütün göstəricilər maliyyə vəziyyətində öz əksini tapıb. Bankın cəmi aktivləri bir il ərzində 0,2 faiz artaraq 13 milyard 628 milyon manat olub. Artım əsasən kredit portfelindəki illik 1 milyard 300 milyon manat həcmində böyümədən qaynaqlanır. Kreditlərin 3 milyard 109,246 milyon manatı biznes, 1 milyard 798,708 milyon manatı istehlak, 1 milyard 442,846 milyon manatı isə ipoteka məqsədlidir.
Bankın nağd vəsaitlərində 900 milyon manat, digər maliyyə qurumlarındakı depozitlərində 1 milyard 450 milyon manat azalma, qiymətli kağızlarda 1 milyard 249 milyon manatlıq artım var.
Bankın aktivlərinin 4 milyard 178,064.78 milyon manatı, yəni 31 faizi 100%-lik risk qrupuna daxil olan aktivlərdir. Bunun 3 milyard 422,856 milyon manatı isə risklik baxımından 100%-i ötür.
Borcunun 400 milyon manatını ödəyib
Bankın cəmi öhdəlikləri isə bir il ərzində 300 milyon manat azalaraq 11 milyard 578,752 milyon manat olub. ABB-nin cəmi borclarının 86,4 faizini depozitlər təşkil edir və bu portfelin həcmi 10 milyard 6 milyon manatdır. Depozitlərin strukturunda nəzərə çarpan artım daha çox fiziki şəxslərin hesablarındadır – 592 milyon 205 min manat! Hüquqi şəxslərin hesablarında isə ötən illə müqayisədə ciddi bir artım yoxdur və 7 milyard 260,144 milyon manat təşkil edir. Bank 2023-cü ilin sonuna olan 500 milyon 484.80 min manat borc qiymətli kağızlarına malik idi. Bir il ərzində borcun 400 milyon 484.80 min manatı ödənildiyi üçün 2024-cü ilin sonuna cəmi 100 milyon manat qalıb. Beləliklə, depozitlərin artmasına baxmayaraq, xarici borcun ödənilməsi nəticəsində ümumilikdə bankın öhdəliklərində 2,5%-lik bir azalma baş verib.
Ötən bir il ərzində Bankın kapitalı 240 milyon manat artaraq 2 milyard 50 milyon manat, səhmdar kapitalı isə 56 milyon manat artaraq 1 milyard 281 milyon manat olub. Məcmu kapitalı 1 milyard 850,702 milyon manat, sistem əhəmiyyətli banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı üzrə minimum 12 faiz tələbə qarşı 20.19% faktiki adekvatlığa malikdir.
Bu il kütləvi səhm buraxılışı edən ABB səhmin qiymətinin dəyişmısindən 911.54 min manat gəlir götürüb, 485 milyon 585.64 min manat isə bölüşdürülməmiş mənfəəti var.