Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi sökülür.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.
Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.
Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.
Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur.
Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.