BİZNES

Azərbaycan malları Türkiyə bazarlarına çıxarılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində mərkəzi ofisi Türkiyədə yerləşən “Tradexter Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

ENA.az bu barədə Mərkəzə istinadən xəbər verir.

Sənədə əsasən, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər.

A.Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: “İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş şəkildə təmsil olunmaq ciddi əhəmiyyət kəsb edir. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələri nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da mövcuddur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil olunması Türk Dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir".

“Tradexter Global”ın baş icraçı direktoru Güclü İlalmak isə deyib ki, Azərbaycan məhsullarına Türkiyə bazarında maraq var: “Biz eyni tarixi köklərə, adət-ənənələrə bağlı, eyni coğrafiyadan olan insanlarıq. Bu bizim ağız dadımızın, qida seçimlərimizin bənzərliyi ilə də tamamlanır. Şirkətimiz Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında yerli şirkətlərlə yaxından işləyəcək. Bu proses tək fiziki mağazalar yox, həm də e-ticarət şəbəkələri üzərindən də həyata keçiriləcək. Biz artıq Azexport platformasında mövcud Azərbaycan məhsullarının kataloqları ilə tanış olmuşuq. Hazırda məhsulların seçilməsi və şirkətlərlə görüşlərin keçirilməsi istiqamətində işlər davam etdirilir. Əməkdaşlığımızın uğurlu olacağına inanırıq".

Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar "Azexport" vasitəsilə müraciət edə bilərlər. Portalın göstərdiyi xidmətlərə görə faiz və yaxud komissiya nəzərdə tutulmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)