Gələn il musiqi, incəsənət məktəblərində çalışan 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır
Bu gün Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinq keçirilib.
Brifinqdə Mədəniyyət nazirin müşaviri Cəsarət Valehov, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova və digər şəxslər iştirak ediblər.
Brifinqdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib ki, musiqi təhsili son zamanlar prioritet istiqamətlərdəndir və bununla bağlı yeni addımlar atılır.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında deyib ki, öllkədə minlərlə adam musiqi müəllimi vəzifəsini daşıyır və Musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi onların hamısına aiddir:
“Mənim öz təhsilim də musiqi ilə bağlı olduğu üçün bu sahə ilə yaxından tanışam. Müəllimlərin bacarıqlarını qiymətləndirmək, əlbəttə, təbii haldır”.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Cəsarət Valehov bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır:
“2025-ci ilin sonunda bu ərazilərdə attestasiya prosesi yekunlaşacaq. 2026-cı ildə isə digər bölgələrin idarələri üzrə attestasiya prosesinin keçirilməsi planlaşdırılır. Beləliklə, 2026-cı ildə respublika üzrə tam yekunlaşdırılması nəzərdə tutulub”.