Kəlbəcərdə ilk yerli külək elektrik stansiyası tikiləcək
COP29 çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
Layihə 3100 metr hündürlükdə həyata keçiriləcək.
“Clean Energy Invest LLC” və “Baltech Green LLC” layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.
Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
AREA-nın direktoru Cavid Abdullayev bildirib ki, bu Azərbaycan üçün qürurverici bir andır:
“Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər”.
Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdan isə çıxışı zamanı deyib ki, “Baltech Group” Türkiyədə bərpa olunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir.
V.Gerdan Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.
Baş icraçı direktor Xəyalə Nağıyeva bu layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib.