"Afrikalı qoyunlar"ın nəyi yaxşıdır: Üstünlükləri
"Cənubi Afrika Respublikasında səfərdə olan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu uzaq ölkədə heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübələri öyrənəcək. Bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. Bizim üçün yeni olan bu cinsin xüsusiyyətləri nələrdir?"
"BI" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.
O, əlavə edib ki, bu cins “Dorsethorn” və “Persianblackhead” cinslərinin mələzidir. Ötən əsrin 50-ci illərindən Cənubi Afrika Respublikasında təsərrüfatlara daxil edilib. Ortaboyludur, möhkəm bədən əzələlərinə malikdir, ildə bircə dəfə qırxıma verilir.
Xarici əlamətləri maraqlıdır:
Baş hissə qara, bədən hissə isə ağ rəngdədir. Qısa yunludur, ildə iki bala əldə etmək olur. Doğulanda 1.5-2 kq olan quzuları sürətlə çəki yığaraq 12 aylığında 90 kiloqrama çatır, sonrakı dövrlərdə çəkisi 130 kq-a qədər artır. Əti yağsız və ləzzətli olduğu üçün bu cinsə böyük təlabat var. Heyvandarlar deyirlər ki, qulluq xərclərinin az olması, iqlim amillərinə tez adaptasiya olması baxımından əlverişlidir. Üstəgəl, parazitar xəstəliklərə qarşı dözümlü, istənilən otlaq şəraitən uyğunlaşır, sərt iqlim şəraitində belə “kefini pozmur”. Dünyanın əksər ölkələrində əhalinin ətə olan təlabatının təmin edilməsi üçün baş sayı artırılır. Baş sayına görə ən çox CAR-dadır, 7 milyon baş dorper cinsli qoyun saxlanır.
Proqnozlara görə, yaxın illərdə ətlik məqsədi ilə digər ölkələrdə də yayılacaq. Yüksək iqtisadi göstəricilərinə görə, yalnız Romanov cinsindən geri qalır.