İnşaat və əmlak

"Memarlıq və torpaqdan istifadə səhvləri bağışlanacaq, aministiya veriləcək"

Fevralın 19-da Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, insan həyatı üçün təhlükənin olduğu binalar istismara qəbul edilməyəcəkdir. Yalnız, torpaqdan istifadə və memarlıq tələblərinin pozulması halları bağışlanacaqdır.  Tikinti sahəsinə dair təhlükəsizlik tələblərinin, yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulduğu binalar istismara qəbul edilməyə bilər.

 

 “TİKİNTİ ŞİRKƏTLƏRİNƏ 5 AY VAXT VERİLƏCƏK”

"BI" xəbər verir ki,  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl  Xanlarov bildirib ki, Fərman ilə istismara qəbul edilməmiş binaların müayinəsini aparmaq üçün Fövqəladə Hallar Nazirliyinə 2 ay müddət verilib. Bu müddət ərzində siyahıda olan binalar yenidən müayinə olunacaqdır:  

“Fövqəladə Hallar Nazirliyinin 3 strukturu- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğına Nəzarət Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi müayinələr aparacaqlar. Hər 3 struktur öz yekun rəyini hazırlayıb təqdim edəcək. Qeyd edim ki, istismara qəbul edilməmiş 400 binadan müəyyən hissəsinin rəyləri var. Çünki  bəzi MTK-lar bina tikilən zaman müəyyən müayinələrə müraciətlər edirdilər. Yəni, bəzi işləri görüblər. Amma sonradan layihədən kənarlaşma, yanğın təhlükəsizliyi tərəfindən çatışmazlıqlar olurdu, hansısa sənədləri ala bilmirdilər və s. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən işlərin xeyli hissəsi müayinə olunub. Şirkətlər qalan problemləri həll etməlidirlər. Təkrar müayinələr zamanı təhlükəsizliyə xüsusi diqqət yetiriləcəkdir. Təhlükəsizlik çox vacibdir.  Biz tam müayinələr apardıqdan sonra, tikinti şirkətləri 5 ay ərzində təhlükəsizlik üzrə çatışmazlıqları aradan qaldırmalıdırlar. Bu 3 struktur insan həyatı üçün təhlükə olmadığı barədə rəy verdikdən sonra Fərman ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatları göndərəcəyik”.

 

“TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNİN POZULMASI BAĞIŞLANMIR”

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini  Elxan Əsədov bildirib ki, istismara qəbul edilməmiş 400 binadan təxminən 270-nin müsbət rəyləri var:

“Lakin təkcə Fövqəladə Hallar Nazirliyinin qurumlarının müsbət rəy verməsi kifayət deyil. Çünki binalarda layihədən kənarlaşmalar var, torpaq sənədləri qaydasında deyil və ya torpaqlar təyinatı üzrə istifadə edilməmişdir. Tutaq ki, bina kənd təsərrüfatı torpaqlarında və ya sənaye məqsədli torpaqlarda tikilmişdir. Prezidentin bugünkü Fərmanı ilə yalnız memarlıq və torpaqdan istifadə nöqteyi nəzərindən tələblərin pozulmasına aministiya verilir, səhvlər bağışlanır. Fərman ilə təhlükəsizlik ön plana çıxarılır. Təhlükəsizlik tələblərinin pozulması bağışlanmır”.

 

BİNALARIN İSTİSMARA QƏBUL EDİLMƏMƏSİNİN ƏSAS SƏBƏBLƏRİ

"Ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır". Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.

O qeyd edib ki, hazırda bu binalarda yaşağış mövcuddur: “Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır”.

Samir Nuriyev qeyd edib ki, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalardır:

“Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya  salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb. İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılmışdır. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanı istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)