İnşaat və əmlak

Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? – AÇIQLAMA

Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir.

Bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib.

O bildirib ki, hazırda Bakı şəhərinin mərkəzində kirayə mənzillərin qiyməti təqribən 1000-1500 manat civarında dəyişir.

Qurum sədrinin sözlərinə görə, mərkəzə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərdə qiymət artımı daha çox nəzərə çarpır:

“Hazırda mərkəzə yaxın yerlərdə qiymətlər 700-1000 manat aralığında dəyişir. Mərkəzdən kənarlaşdıqca, ucqarlara getdikcə qiymətlərin enməsini müşahidə edirik. Məsələn, Xırdalan, Hövsan, Zabrat, Zığ, Alatavanın bəzi ərazilərində hazırda mənzil kirayəsində qiymətlər təqribən 300-350, 400 manat civarında dəyişir”.

V.Oruc vurğulayıb ki, mənzillərin kirayə qiymətləri təkcə ərazilər üzrə deyil, eyni zamanda, onun yerləşdiyi binanın mənsub olduğu Mənzil Tikinti Korperativlərinə (MTK) görə, binaların hansı meyarlara, hansı komfort dərəcəsinə uyğun şəkildə tikilməsi ilə əlaqədar olaraq dəyişir:

“Məsələn, yanbayan binaların birində kirayə qiymətləri ortalama 500 manatdırsa, yanaşı binada bu qiymət 600-650 manat, bəzi hallarda isə 700 manata qədər dəyişə bilər. Yəni ərazilər üzrə qiymətlərin təsnifatlaşması bir çox hallarda özünü doğrultmur. Eyni zamanda, ərazilərdən də əvvəl kirayə mənzil bazarında təsnifatlaşmada daha çox otaqların sayına üstünlük verilir. Hazırda Bakı şəhərində və Abşeron yarımadasında daha çox birotaqlı və ikiotaqlıya düzəlmə olan mənzillər prioritet təşkil edir. Həmin mənzillər həm yaşayış, həm də qiymətinə görə daha sərfəlidir”.

Mütəxəssis bildirib ki, kvadratı təqribən 50-dən yuxarı və 50-60-65 civarında olan mənzillərə daha çox üstünlük verilir:

“İkiotaqlıya düzəldilmiş halda, öz yaşayış sahələrinin planlaşmasını həyata keçirməsinə uyğun olduğuna görə daha çox bu tip mənzillərə üstünlük verilir. Ona görə də sözügedən tip mənzillərə tələbat çox olduğuna görə onların qiymətində artım digər fərqli otaqlara malik olan mənzillərin qiymətindəki artıma nisbətən daha yüksəkdir. Əslində, biz kvadrat olaraq hesablasaq, Bakının hər hansısa müəyyən edilmiş bir ərazisində 2 və yaxud 3 otaqlı mənzil birotaqlı mənzildən ortalama olaraq təqribən 1,5 dəfə baha olmalıdır.

Faktiki olaraq bu belə deyil. Məsələn, əgər birotaqlı mənzil 600-700 manat civarındadırsa, iki və yaxud üçotaqlı mənzillər 800-900 manat arasında dəyişir. Bu da onu göstərir ki, mənzilin sahələri artdıqca, onun bir kvadratmetrinin kirayə dəyəri daha aşağı düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, daha çox hansı mənzillər tələb olunursa, sahələrinə və otaq həcminə görə həmin mənzillərin qiymətində artım xüsusilə hiss olunmaqdadır”.

“Ötən aylara, günlərə nisbətən qiymətlərin dəyişməsi ərazilərə görə fərqlənir. Hazırda kirayə mənzil tapılması o qədər də asan deyil. Amma mərkəzdən kənardakılarda qiymətlərin stabilliyini görürük. Azərbaycanda iqtisadi inkişaf baş verir, beynəlxalq diqqət qarşısındayıq , investisiya cəlbediciliyi baxımından ölkəmizin reytinqi daha da yüksəlməkdədir.

Bütün bunlar onu deməyə əsas verir ki, kirayə qiymətləri ya sabit qalacaq, ya da artıma məruz qalacaq. Yaxın dövr üçün qiymətlərin aşağı düşməsinin baş verəcəyini güman etmirəm. Çünki həm manatın alıcılıq qabiliyyəti, həm iqtisadi inkişaf, həm də ölkəmizə olan axın və diqqət onu deməyə əsas verir ki, kirayə mənzil bazarında qiymətlər yüksələcək. Bu da təbii bir prosesdir. Çünki bütün inkişaf etmiş və yaxud inkişaf etməkdə olan ölkələrin paytaxtında əmlak qiymətləri istər alqı-satqı, istərsə də kirayə olsun, ancaq yüksəlir.

Yəni hər hansı bir fövqəladə, fors-major hadisə olmasa, qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırmaq mümkün deyil”, – deyə V.Oruc əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)