MALİYYƏ

Azərbaycanda son bir ilin ən yüksək inflyasiya göstəricisi qeydə alındı

Yeni inflyasiya rəqəmləri açıqlandı. Avust-sentyabr aylarında illik inflyasiya son 1 ilin ən yüksək göstəricisi oldu - 3,5%.

Bununla əlaqədar iqtisadçı ekspert Rövşən Ağayev yazır: 

Rəqəmlər nə qədər etibarlıdır, metodoloji olaraq (xüsusən istehlak səbətinin tərkibi, konkret mal və xidmətlərin hesablamada nəzərə alınan xüsusi çəkisi və s.) hansı problemlər var, tamamilə ayrı mövzudur.

Amma məsələ ilə bağlı diqqət yetiriləsi başqa bir məqam var.

Rəsmi statistika 3 inflyasiya göstəricisi açıqlayır: aylıq, illik və orta illik.

Məsələn, ən son açıqlanan statistikaya görə, aylıq inflyasiya 0,3%, illik inflyasiya 3,5%, orta illik inflyasiya 1,5% səviyyəsində elan edilib.

Bu göstəricilərin hansı daha vacibdir?

İstifadə məqsədlərindən, məlumatın istehlakçısından asılı olaraq hər 3 göstərici gərəklidir.

Lakin sadə vətəndaş üçün aylıq və illik inflyasiya göstəriciləri daha vacibdir. Çünki bizə istehlakçı olaraq lazım olan əsas məlumat budur: ötən ayla müqayisədə, eyni zamanda ötən ilin eyni ayı ilə müqayisədə qiymət artımı hesabına cibimdən izafi olaraq nə qədər çox pul çıxır?

Orta illik inflyasiya göstəricisi daha çox "postfaktum" göstəricidir, yəni proses (yaxud dövr) bitəndən sonrakı vəziyyəti xarakterizə edir. Məsələn, sentyabr ayında açıqlanan 1,5 faizlik orta illik inflyasiya göstəricisi həm də bundan əvvəlki 8 ayın ortalamasını əks etdirir. Əgər, məsələn, yanvar-avqust ayında qiymətlər çox aşağı olubsa, sentyabrda sıçrayışlı artım qeydə alınıbsa, illik inflyasiyadan fərqli olaraq orta illik göstərici qiymət artımının real miqyasını dərhal göstərmir.

Orta göstərici "baza effekti"ndən asılıdır. Yəni cari göstərici keçmiş dövrdəki yüksək və ya aşağı qiymətlərdən asılı olaraq hazırda yaşadığımız real mənzərəni göstərmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)