BİZNES

Fariz Cəfərov: “Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək”

Azərbaycanda rəqəmsal iqtisadiyyata dair yeni bizneslərin yaradılmasına dəstək göstərmək planlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.

“Rəqəmsal iqtisadiyyat çərçivəsində rəqəmsal transformasiya proqramlarından keçməyi, bazarda yeni bizneslərin qurulmasına dəstək göstərməyi planlaşdırırıq. Eyni zamanda, rəqəmsal transformasiya proqramı icra edən zaman əsasən şirkətlərin daha çox data infrastrukturuna, insan resurslarına ehtiyacı olur. Buna görə şirkətlərin bu sahədə ixtisaslaşmış, bilikli insanlara ehtiyacları var”, – F. Cəfərov qeyd edib.

Onun sözlərinə görə, digər məsələ hökumətə məlumatların idarə edilməsində kömək etməkdir: “Çünki məlumatlara əsaslanan yanaşma olmasa, biznes dəyişikliklərinə cavab vermək çox çətin olacaq. Beləliklə, onlara uyğunlaşmaq üçün sürətli addımlar atmaq lazımdır. Bu mənada Azərbaycan vətəndaşlarını maarifləndirmək mühüm əhəmiyyət kəsb edir. Artıq keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdırlar və onlara rəqəmsal bacarıqlar verməliyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)