Azərbaycanda KOB-ların hansı problemləri var? - 4 HƏLL YOLU
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidentinin müşaviri Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər öz həllini tapır. Hazırda bizim strukturumuz Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür. Əminik ki, qarşıdan gələn Gömrük Forumu dialoq üçün mühüm platforma olacaq və əhəmiyyətli nəticələr verəcək", - Z.Hacılı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas halqası kimi yalnız tranzit ölkə kimi məhdudlaşmır.
"Ölkəmiz ticarət marşrutlarının şaxələndirilməsi prosesində aktiv təşəbbüskar və iştirakçı kimi çıxış edərək, təkcə Şərq və Qərb arasında əlaqələrin təminatında deyil, həmçinin Şimal və Cənubun birləşdirilməsində də əsas rol oynayır. Azərbaycan böyük siyasi iradə nümayiş etdirib və nəqliyyat infrastrukturunun inkişafına ciddi investisiyalar yatırıb. Qeyd etmək vacibdir ki, sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və sərhədlərin keçid prosedurlarının sadələşdirilməsi üzrə işlər yüksək səviyyədə aparılıb, bu da ölkəmizə regionda tranzit marşrutları arasında lider mövqelərdən birini əminliklə tutmağa imkan verib", - Z.Hacılı əlavə edib.
İdxal-ixrac əməliyyatlarında iştirakçılar arasında logistika və daşımaçılıq, broker xidmətləri göstərən şirkətlər da böyük paya malikdirlər. Bəzən prosedurların gedişində hüquqi normativ bazada müəyyən təkmilləşmələrin aparılmasına ehtiyac olduğu ortaya çıxır. Bugün Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında qanun”un olmaması bu sahədə işləyən sahibkarların işində müəyyən çətinliklər yaradır. Eyni zamanda bəzi beynəlxalq razılaşmaların ratifikasiya olunması da sahibkarlar tərəfindən qaldırılan məsələlər arasındadır.
Z.Hacılı ölkəmizdə KOB-un xarici ticarət sahəsində çətinliklərinə və onların həlli yollarına toxunub.
1.İnformasiya və təcrübə əskikliyi
Çətinlik: KOB-ların xarici bazarlarla bağlı kifayət qədər məlumatı və beynəlxalq ticarət təcrübəsi yoxdur. Bu, xüsusən müvafiq sertifikatların alınması, beynəlxalq ticarət qaydalarının yerinə yetirilməsi və bazar tələblərinin öyrənilməsində problemlərə səbəb olur.
Həll Yolu: Ticarət əlaqələrini genişləndirmək məqsədilə məlumat platformalarının və ticarət nümayəndəliklərinin yaradılması vacibdir. Təlim və təcrübə proqramları vasitəsilə KOB-lara xarici ticarət bacarıqları öyrədilə bilər.
2.Logistika və nəqliyyat problemləri
Çətinlik: KOB-ların xarici bazarlara məhsul çatdırmasında logistika problemləri, yəni nəqliyyat xərclərinin yüksək olması və infrastrukturun məhdud olması ilə üzləşirlər.
Həll Yolu: Logistika mərkəzlərinin inkişafı, tranzit ölkələrlə əməkdaşlığın gücləndirilməsi və nəqliyyat xərclərini azaltmaq üçün dövlətin dəstəyi vacibdir. KOB-lara xarici bazarlarda daha çevik fəaliyyət göstərmələri üçün logistika xidmətlərinə güzəştlər də verilməlidir.
3.Beynəlxalq ticarət tələblərinə uyğunlaşma
Çətinlik: KOB-lar beynəlxalq standartlara (ISO, HACCP və s.) uyğun sertifikatlar almaqda çətinlik çəkir, bu da onların məhsullarının xarici bazarlarda qəbul edilməsinə mane olur.
Həll Yolu: Sertifikasiya proseslərinin asanlaşdırılması və dövlət tərəfindən dəstəklənməsi, eləcə də bu sahədə lazımi təlimlərin və məsləhət xidmətlərinin verilməsi mümkündür.
4.Rəqabətlilik problemi
Çətinlik: KOB-lar xaricdə alternativ şirkətlərlə güclü rəqabət apara bilmir. Bunun əsas səbəbi onların məhsul və xidmətlərinin beynəlxalq platformada kifayət qədər tanınmaması və brendləşdirilməməsidir.
Həll Yolu: Brendləşmə, marketinq və satış kanallarının inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi lazımdır. Eyni zamanda, beynəlxalq sərgilərdə iştirak üçün maliyyə və informasiya dəstəyi göstərilə bilər.