Sənaye

“Orta əməkhaqqı çox yüksəkdir, siz buna layiqsiniz” - PREZİDENT

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

"BI" xəbər verir ki, müəssisəni işə salandan sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb.

Prezident qeyd edib ki, bu zavodda işləyənlərin əksəriyyəti gənclərdir: “Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır.

Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faizinin artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.

Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”.

Dövlət başçısı əlavə edib ki, ölkədə sənayeləşmə öz nəticələrini verir: “Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.

Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara cavab verən şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir.

Bu gün nəinki Sumqayıtın tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür. Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yəni, Azərbaycanın gənc nəsli müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)