Bank

Hansı bankın nə qədər kredit kartı var? - TOP 5

Azərbaycanda kredit kartlarının sayı artır. Kredit kartlarından istifadə pərakəndə bizneslər üçün əlavə satış imkanları yaradır və bu imkandan qonşu Türkiyədə xüsusən xidmət sektoru çox aktiv istifadə edir. Güzəşt müddətinin və taksit imkanının olması daha çox müştəriyə satılan məhsulla bağlı maraq yarada bilər.

Üstəlik, banklar onlarla əməkdaşlıq qurduğunuz təqdirdə öz müştəri bazalarına sizin biznesinizlə bağlı reklam xarakterli bildirişlər göndərə bilər.

Aşağıda qeyd edilən siyahıda 2024-cü ilin əvvəlinə Azərbaycanda kredit kartlarının 1%-dən çoxuna sahib olan banklar, həmin bankların kredit kart sayları və bazar payları qeyd edilib:

1.Kapital Bank – 888.600 (40.1%)

2. ABB – 790.500 (35.7%)

3. Unibank – 332.400 (15%)

4. Bank of Baku – 121.400 (5.5%)

5. Yapı Kredit Bank – 25.700 (1.2%)

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% olub.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5,149 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%-ni təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)