Ərdoğan və Putin BRICS sammitində görüşəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində görüşəcəklər.
Bu barədə Vladimir Putin Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib.
“Biz çox şadıq ki, Türkiyə Respublikası ilə əlaqələrimiz bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələr üzrə inkişaf edir. Bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanla Astanada görüşdük, oktyabrda bir daha Kazanda, BRICS sammitində görüşəcəyik, onunla ayrıca görüşümüz planlaşdırılıb”, – deyə Rusiya Prezidenti bildirib.
Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib.
O, Rusiya və Türkiyənin prioritetlərinin çox oxşar olduğunu vurğulayaraq deyib: “Biz Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları, embarqoları heç vaxt dəstəkləməmişik. Qərb dairələrinin bununla Rusiyanı cəzalandırmaq istəməsi düzgün deyil və biz heç vaxt belə bir münasibəti dəstəkləməmişik”.