Türkiyə süni intellektdən istifadə ilə milli “Dəmir günbəz” HHM sistemi yaradacaq
Türkiyədə süni intellektdən istifadə edilməklə çoxsəviyyəli “Dəmir günbəz” hava hücumundan müdafiə (HHM) sistemi yaradılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasının yekunları üzrə “TRT Haber” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, “Dəmir günbəz” layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.
Telekanalın məlumatına görə, eyni zamanda Silahlı Qüvvələr üçün KAAN milli qırıcısı, “Bayraktar TB3”, “Akıncı” və “Aksungur” PUA-larının, kamikadze-dronların və mini dronların, radioelektron mübarizə sistemlərinin, müxtəlif dərəcəli PUA-lardan mühafizə sistemlərinin alınması layihələri də nəzərdən keçirilib.