Avtomobil

Taksi işləmək üçün tələb olunan sənədlər açıqlanıb

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və yaxud fərdi sahibkarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) https://e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər.

ENA.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, e-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.

İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.

Buraxılış vəsiqəsinin alınması üçün sənəd və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və yaxud məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və yaxud onları müraciət edən şəxs təmin edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)