Azərbaycanda yük daşımalarının həcmi artıb - RƏSMİ
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 35 milyon 189,6 min ton yük daşınıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşımalarının strukturunda 75,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 2 milyon 977,8 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 2,7% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 milyon 273,9 min ton (artım 15,9%), avtomobil nəqliyyatı ilə 19 milyon 279,5 min ton (artım 6,9%), hava nəqliyyatı ilə 63,1 min ton (artım 22,5%) müxtəlif növ yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 6 milyon 307,7 min ton neft (artım 4,3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.