Bank

Mərkəzi Bank ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıb

Azərbaycanda son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.

Bu barədə zərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

“Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər”, - deyə məlumatda qeyd olunub.

"Bank sektorunda təqdim edilən xidmətlərin əlçatanlığının genişləndirilməsi üzrə həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri öz növbəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri formalaşdırmaqdadır. Bu xüsusda, banklar tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə təhdidlərin qarşısının alınması məqsədilə müvafiq infrastrukturlar tətbiq edilir, eyni zamanda həssas ödəniş məlumatlarının mühafizəsi məqsədilə müştərilərin təlimatlandırılması və maarifləndirilməsi üzrə tədbirlər həyata keçirilir.

Bu çərçivədə istifadəçi məlumatlılığının artırılması məqsədilə televiziya kanallarında və sosial şəbəkələrdə maarifləndirici videoçarxlar da paylaşılır. Həmçinin kiberdələduzluq və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə aparılan fəaliyyət AMB, banklar və aidiyyəti dövlət orqanları ilə birgə sıx koordinasiya şəraitində həyata keçirilir”, - deyə AMB bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)