Avtomobil

DYP-dən avtomobil nömrələrinin oğurlanması ilə bağlı - Açıqlama

“Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyat nişanlarının oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün təşəbbüs göstərməli, bu məqsədlə aidiyyəti üzrə ərazi polis orqanına yazılı müraciət etməlidir”.

Bunu Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında bildirib.

O qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir:

“Dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanı almaq istədikdə “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.  

Nəzərinizə çatdırırıq ki, inzibati qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır, yüz manat məbləğində cərimə edilir və həmin xətalar 4 balla qiymətləndirilir”.

Qeyd edək ki, son günlər Bakıda bir neçə avtomobildən bahalı nömrələrin oğurlanması ilə ba]ğlı şikayətlər olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)