Əqli Mülkiyyət Agentliyində yeni xidmət yaradılacaq
Bəzi mətbuat orqanlarında Əqli Mülkiyyət Agentliyinin nəzdində olan “Milli Təlim Mərkəzi ləğv olunur” başlıqlı məlumatlar dərc olunub.
Agentlikdən bildirilib ki, “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti (MMC) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin 2021-ci il 16 dekabr tarixli qərarına əsasən Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə yaradılmışdır.
Hazırda isə Təlim Mərkəzinin işini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə onun bazasında yeni Xidmətin yaradılması barədə qərar qəbul olunmuşdur.
Yeni Xidmət Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqularının Təminatı Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. Xidmət öz işini Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyası tərəfindən verilən tövsiyələrə uyğun qurmaqla yanaşı həm bu təşkilat, həm də sahə üzrə digər qabaqcıl beynəlxalq və milli qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Aparılan islahatlar tədrisin keyfiyyətini artırmağa, daha geniş auditoriyanı əhatə etməyə imkan verəcək.
Xidmət tərəfindən “Əqli mülkiyyətə giriş”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar”,“İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar”, “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” və bir sıra digər mövzularda təlim kursları keçiriləcək. Kursları müvəffəqiyyətlə başa vuranlar müvafiq sertifikatlar alacaqlar.