Gürcüstan baş nazirinin istefası gözlənilir
Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.
Bu barədə müxalifətin “Mtavari” telekanalı məlumat mənbəyinin adını çəkmədən yazıb.
Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.
Qeyd olunub ki, İrakli Qaribaşvili partiya sədri postuna namizədliyini irəli sürür. Lakin bu vəzifəni Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin tutacağı istisna edilmir.
"Uta İvanişvili Gürcüstanın ən varlı adamının böyük oğludur. Qardaşı, musiqiçi Beradan fərqli olaraq, o, heç vaxt ictimai xadim olmayıb. Onun Lion Universitetində təhsil aldığı və vaxtının çox hissəsini Fransada keçirdiyi məlumdur. Media həmçinin hesab edir ki, İvanişvilinin hesablarını və biznesinin bir hissəsini məhz Uta idarə edir", - deyə vurğulanıb.
Mətbuat milyarder Bidzina İvanişvilinin siyasətə rəsmi qayıdışı elan edilən ötən ilin sonundan bəri hakim komandada kadr dəyişikliyi ilə bağlı proqnozlar verir. O, “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutub və partiya üzvlərinə kömək edəcəyini söyləyib.