Azərbaycanda regional hava limanlarından birinin xarici şirkətin idarəçiliyinə verilməsi təklif olunur
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) antiinhisar qanunvericiliyinin pozulması halları ilə bağlı yoxlama aparıb. Bu barədə Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev deyib.
“Biz şirkətin öz mövqeyindən sui-istifadə etməsi, biletlərinin qiyməti ilə manipulyasiya edilməsi və s. ilə bağlı pozuntular aşkar etmədik”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
C.Babayevin sözlərinə görə, AZAL müəyyən ölkələrə uçuşlar həyata keçirir, digər ölkələrə daha çox xarici şirkətlər tərəfindən uçuşlar həyata keçirilir.
Rəis müavini qeyd edib ki, hava nəqliyyatı ilə sərnişin daşımaları sahəsinin təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər hazırlanıb.
“Bildiyiniz kimi, Azərbaycanın regionlarında hava limanları var. Biz bu hava limanlarından birinin xarici şirkətin istifadəsinə verilməsini və ya əlavə bir şirkətin cəlb edilməsini və orada yerli idarəetmənin formalaşdırılmasını təklif edirik”, - deyə C.Babayev əlavə edib.
Onun sözlərinə görə, hazırda hökumətdə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində bu təklifə baxılır.
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, onlardan 7-si ölkənin bölgələrində yerləşir.