Sənaye

Bu il Azərbaycanda qızıl istehsalı artacaq

2024-ci ildə Azərbaycanda qızıl hasilatı 3 min 83,5 kq, mis hasilatı - 4 min 831,1 ton təşkil edəcək. Proqnozlara əsasən, 2025-2026-cı illərdə Azərbaycanda qızıl istehsalında artım gözlənilir. Xüsusilə, 2025-ci ildə qızıl istehsalının 3 min 108,4 kq, 2026-cı ildə - 3 min 124 kq səviyyəsində olacağı gözlənilir.

2025-2026-cı illərdə mis hasilatı ildə 5,3 min ton həcmində proqnozlaşdırılır.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 min 507,9 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 16,4% azdır.

2022-ci ildə Azərbaycanda 3 min 174,7 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,3% azdır.

Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir.

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)