SOCAR-ın törəmə şirkətinin rəhbəri dəyişdirildi
Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkətinin rəhbəri dəyişdirilib.
Məlumata görə, Emil Alxaslı Aydın oğlu “SOCAR Polymer İnvestments” MMC-nin direktoru təyin edilib.
Buna qədər sözügedən vəzifədə Fərid Cəfərov İskəndər oğlu idi.
Emil Alxaslı bundan öncə “SOCAR Downstream” MMC-yə rəhbərlik edirdi. Bundan öncə SOCAR-ın törəmə təşkilatlarında, o cümlədən “SOCAR Türkiye”də və TOTAL kimi dünyaca məşhur enerji şirkətində çalışıb.
O, ali təhsilə Bakı Dövlət Universitetindən başlayaraq, 2002-2006-cı illərdə Tətbiqi riyaziyyat və iqtisadi kibernetika üzrə bakalavr, 2007-2008-ci illərdə Rusiya Dövlət Neft və Qaz Universitetində Neft iqtisadiyyatı və idarəetmə üzrə magistr, Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin Layihələrin idarəedilməsi üzrə magistr dərəcəsinə sahib olub.
Xatırladaq ki, “SOCAR Polymer İnvestments” MMC-nin 16 iyul 2013-cü il tarixində əsası qoyulub. Şirkətin 375 milyon ABŞ dolları nizamnamə kapitalı var.