Sənaye

Neft Fondu mənfəət nefti və qazının satışından nə qədər gəlir götürəcək?

2024-cü ildə Hasilatın Pay Bölgüsü haqqında sazişlər (PSA, HPBS) çərçivəsində Azərbaycanın payına düşən neft və qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar $4 milyard 791,9 milyon məbləğində proqnozlaşdırılır. Bu barədə ARDNF-in 2024-cü il büdcəsinin layihəsinə dair Hesablama Palatasının rəyində deyilir.

“2024-cü ildə PSA çərçivəsində Azərbaycanın payına düşən neft və qazın satışından ARDNF-ə daxilolmalar $4 milyard 791,9 milyon məbləğində (8 milyard 146,2 milyon manat) proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 3 milyard 619,6 milyon manat və ya 30,8%, 2023-cü il üçün gözlənilən icra göstəricisindən isə 6 milyard 136,1 milyon manat və ya 43% azdır”, - deyə rəydə bildirilir.

Bu azalma onunla əlaqədardır ki, 2024-cü ildə mənfəət nefti və qazının satışından ARDNF-in gəlirləri bir barel neftin orta qiyməti $60 olmaqla hesablanıb, 2023-cü ilin 9 ayının yekunları üzrə bir barel neftin (“Azeri Light” – İF) faktiki orta qiyməti isə $85,5 təşkil edib.

2024-cü ildə “Azəri-Çıraq-Günəşli” bloku (AÇG) üzrə mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $4 milyard 89,46 milyon (70,86 milyon barel neft), “Şahdəniz” yatağı üzrə mənfəət kondensatı və qazının satışından $596,31 milyon (6,48 milyon barel kondensat və 5,02 milyard kubmetr qaz), “Abşeron” yatağı üzrə $77,38 milyon məbləğində (0,81 milyon barel kondensat və 0,29 milyard kubmetr qaz) proqnozlaşdırır.

2024-cü ildə Suraxanı və Qaraçuxur yataqları üzrə karbohidrogen satışından ARDNF-in gəlirləri $2,18 milyon, Zığ-Hövsan yatağı üzrə $1,72 milyon, Kürsəngi və Qarabağlı yataqları üzrə $1,71 milyon, Neftçala və Xıllı yataqları üzrə $0,47 milyon, Mişovdağ və Kəlaməddin yataqları üzrə $1,33 milyon, Kürovdağ yatağı üzrə $6,19 milyon, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə $7,1 milyon, Binəqədi blokuna daxil olan yataqlar üzrə $6,68 milyon, Qum-Dəniz və Bahar yataqları üzrə $1,36 milyon məbləğində proqnozlaşdırılır.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)