Sənaye

Azərbaycan Türkiyəyə qaz ixracını 23% artırıb

Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 7 milyard 890,4 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23,1% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

2023-cü ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 888.52 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,06% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 27%-i və boru kəməri ilə nəql olunan qazın 31,8%-i Azərbaycanın payına düşüb.

Azərbaycan sentyabrda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 57,8%-lə Rusiya, üçüncü pillədə 12,1%-lə Əlcəzair yer alıb. Sentyabrda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya (boru kəmərləri ilə), Əlcəzair və ABŞ - LPG) həyata keçirilib.

Sentyabrda Türkiyəyə 3 milyard 291,83 milyon kubmetr qaz (2022-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 3,22%) ixrac edilib. 2 milyard 790,69 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 84,78%-i, azalma 10,12%), 501,14 milyon kubmetr (bütün ixracın 15,22%-i, artım 69,01%) isə LNG-nin payına düşüb.

Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.

Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.

2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)