Ötən 8 ildə ilk dəfə: banklara satılan nağd dollar alışdan 148 milyon çox oldu. Dollar bolluğudur, yoxsa əhali kasıblaşır?
Azərbaycanda ötən 8 ildə ilk dəfə əhalinin banklara satdığı nağd xarici valyutanın həcmi aldığı valyutanı kəskin üstələyib.
ENA.az xəbər verir ki, 2015-ci ildən bəri ilk dəfə olaraq kommersiya bankları tərəfindən nağd alış satışdan 100 milyon dollardan çox olub. Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti ilə Dövlət Neft Fondunun hərraca çıxartdığı dollar 99% halda tam satılmayıb.
4 valyuta üzrə 160 milyon müsbət saldo!
AMB-nin bu ilin yanvar-oktyabr ayları üzrə açıqlamalarına əsasən, təkcə dollar üzrə 10 ay ərzində nağd alış satışı 148 milyon dollar üstələyib.
Nağd valyuta əməliyyatlarında daha çox istifadə edilən 4 valyuta – dollar, avro, funt-sterlinq, rubl üzrə bankların nağd alışı isə satışı 160 milyon dollar üstələyib.
Manata inam artıb
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov səbəb kimi ilk növbədə ölkədə valyuta bolluğunun yaşandığını vurğulayıb, çünki enerji tarifləri yüksək olduğundan ölkəyə daxil olan pul baratları artıb.
Eyni zamanda sabit məzənnə rejimi şəraitində xarici valyutaya marağın zəifləməsini manata inamın artması, əhalinin milli valyutada olan gəlirlərinin artması və onun təklifinin tələbdən üstün olması ilə əlaqələndirir. Təsdiq kimi qeyd edə bilərik ki, 2023-cü ilin ötən on ayında əhalinin milli valyutada depozitlərinin həcmi 14% artaraq 8 milyard 141,68 milyon manat olub. Bu isə bütün əmanətlərin 64,8%-ni təşkil edir.
Dollar alan-satanın cəmi 3-4%-i əhalidir
Digər tərəfdən qeyd edək ki, xüsusən də dollar yığım kimi istifadə edilirdi. Əhalinin dolları satmasının səbəblərindən biri kimi bahalaşma nəticəsində yığımların azalması, ehtiyatda olan dolların xərclənməsi də qeyd olunur. Bunu təsdiq edən amil kimi inflyasiyanın yüksək şəraitində yaşam xərclərinin artması, xüsusən də iqtisadiyyatın böyüməməsi göstərilir.
İqtisadi Rəşad Həsənovun ENA.az-a verdiyi açıqlamaya görə, dollara tələbin azalmasında yığımları sıxmaq məcburiyyətinin müəyyən rolu var, ancaq bu məsələdə iqtisadiyyatın inkişaf etməməsi daha böyük paya malikdir.
“Dollar alan-satanın cəmi 3-4%-i əhalidir. Tələbi formalaşdıran əsasən biznesdir. Bildiyimiz kimi, Azərbaycanda iqtisadiyyat böyümür, bu da tələbi aşağı salır. Bundan başqa, ölkəyə gələn və ölkədən gedən turistlərin sayına və bu sahədə yaranan müsbət saldoya da diqqət yetirmək lazımdır”, -deyə ekspert bildirib.
Turislərin formalaşdırdığı müsbət saldo...
Qeyd edək ki, Azərbaycan sərhədləri hələ də bağlı olduğundan gedənlərin sayı azdır, bu da dollara tələbi azaldır. Əgər ötən 110 milyon dollar mənfi saldo vardısa, bu il ölkəyə gələnlərin sayı gedənlərdən çoxdur deyə ilk yarımildə 60 milyon dollar müsbət saldo yaranıb.
R.Həsənov hesab edir ki, eyni zamanda məzənnə sabitliyi də bazardakı bu konyukturanı da dəstəkləyir.