Neft ucuzlaşmaqda davam edir (27.11.2023)
Bazar ertəsi neft qiymətləri ucuzlaşmaqda davam edir, treyderlər OPEC+ nazirlərinin noyabrın 26-dan 30-a təxirə salınan görüşünü gözləyirlər.
ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 9:20-ə olan vəziyyətə görə, bir barel üçün 79,85 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,73 (0,91%) dollar aşağıdır. Cümə günü bu müqavilələrin qiyməti 0,84 dollar (1%) azalaraq 80,58 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində yanvar ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,73 dollar (0,97%) ucuzlaşaraq 74,81 dollar təşkil edib.
Keçən həftə Brent 0,1%-dən az, WTI 0,7% ucuzlaşıb və hər iki müqavilə ardıcıl beşinci həftə qırmızı rənglə başa çatıb.
Mətbuatın yazdığına görə, OPEC+ nazirlərinin görüşünün təxirə salınmasına qrup daxilindəki fikir ayrılıqları, xüsusən də Anqola və Nigeriyanın hasilatı artırmaq istəyi, Səudiyyə Ərəbistanının isə könüllü olaraq hasilatı məhdudlaşdırmaqda davam etməsi səbəb olub.