Kripto pul birjası ABŞ-a ən böyük korporativ cəriməni ödəməyə razılıq verdi. Tarixi məhkəmələrdən biri yekunlaşdı
Bloomberg yazır ki, Kriptovalyuta mübadiləsi operatoru Binance Holdings Ltd. şirkəti çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını və ABŞ sanksiyalarının şərtlərini pozmaqda günahını etiraf edib və ABŞ səlahiyyətliləri ilə razılığa gəlib.
ENA.az xəbər verir ki, Binance 4,3 milyard dollar cərimə ödəyəcək, şirkətin təsisçisi və rəhbəri Changpeng Zhao isə istefa verərək 50 milyon dollar cəriməni şəxsən ödəyəcək. Riçard Tan birjanın yeni rəhbəri olacaq.
Eyni zamanda, Zhaoya qarşı istintaq davam edir və o, 10 ilə qədər həbs cəzası ala bilər - baxmayaraq ki, ekspertlər bu müddətin 18 aydan çox olmayacağına inanırlar.
Xüsusilə, Binance etiraf etdi ki, platforması vasitəsilə HƏMAS qrupuna ödənişlərin qarşısını ala bilməyib. O, həmçinin ABŞ və İrandan olan müştərilər arasında ümumi məbləği 898 milyon dollardan çox olan ən azı 1,1 milyon əməliyyatı asanlaşdırıb.
Baş prokuror Merrick Garland verdiyi açıqlamada, "Binance, cinayətlərinə görə dünyanın ən böyük kriptovalyuta birjasına çevrildi və indi ABŞ tarixindəki ən böyük korporativ cərimələrdən birini ödəyəcək", - deyib.
ABŞ Maliyyə Naziri Janet Yellen, "Binance mənfəət əldə etmək üçün qanuni öhdəliklərinə məhəl qoymadı. Bu qəsdən hərəkətsizlik terrorçulara və kibercinayətkarlara öz platforması vasitəsilə pul əldə etməyə imkan verdi", söyləyib.
Müqavilə ABŞ Ədliyyə Departamenti, Xəzinədarlıq Departamenti və Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) tərəfindən kriptovalyuta mübadiləsi ilə bağlı aparılan çoxillik araşdırmanın sona çatdığını bildirir.