Azərbaycanda investisiyalrın 36%-i xidmət sektoruna qoyulub - RƏQƏMLƏR
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 258 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4% artıb.
İstifadə olunmuş vəsaitin 8 milyard 414,6 milyon manatı və ya 59%-i məhsul istehsalı sahələrinə, 5 milyard 108 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 226,9 milyon manatını və ya 22,6%-ni xarici investisiyalar, 11 milyard 31,1 milyon manatını və ya 77,4%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 444,4 milyon manatı və ya 73,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.