"Bu il ölkədə cari əməliyyatlar balansının profisiti 9-10 milyard ABŞ dolları olacaq"
Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenari əsaslı proqnozlarına görə, bu il ölkədə cari əməliyyatlar balansının (CƏB) profisiti 9-10 milyard ABŞ dolları olacaq.
ENA.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"2024-cü ildə CƏB-in profisitinin 7,5-8,5 milyard ABŞ dolları, 2025-ci ildə isə 7 milyard ABŞ dolları olacağı gözlənilir", - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında CƏB-də 5 milyard 154,6 milyon ABŞ dolları profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və yaxud 50,1 % azdır.
Bu göstərici xarici ticarət balansındakı 7 milyard 488,9 milyon ABŞ dollarlıq profisit (42,5 % az), xidmətlər balansındakı 1 milyard 113,8 milyon ABŞ dollarlıq kəsir (16,4 % az), ilkin gəlirləri balansındakı 1 milyard 817,6 milyon ABŞ dollarlıq kəsir (31,5 % az) və təkrar gəlirlər balansındakı 597,1 milyon ABŞ dollarlıq profisit (2,2 dəfə az) hesabına formalaşıb.