Palata nazirliklərin xərclərində uyğunsuzluqlar AŞKARLADI
Hesablama Palatası tərəfindən aparılan təhlillər, 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur ki, bu, dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır.
ENA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edək ki, Hesablama Palatası Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə 6,1 mln. manatın (Digər enerji mənbələri) və 2,3 mln. manatın (Digər iqtisadi xidmətlər), tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.
Eyni zamanda Hesablama Palatası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.