Bakı kəndlərindən gəlib-gedənlərin nəzərinə - Yeni yol tıxacı azaldacaq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılıb.
Məlumata görə, 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı olacaq yol Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.
Mütəxəssislər bildirir ki, bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq.
Bundan əlavə, yeni çəkilmiş yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.
Həmçinin yeni yolun istifadəyə verilməsi Bakının bir sıra əraziləri: Neftçilər-Əhmədli istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çata bilməsinə gətirib çıxaracaq.
Beləliklə, 2024-cü ildə qeyd edilən yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.
Qeyd edək ki, sərəncamda da yeni yolun Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə çəkiləcəyi qeyd edilib. “Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam ilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon 700 min manat ayrılıb. Avtomobil yolunun tikintisinin başa çatdırılması üçün 2024-cü il dövlət büdcəsindən də əlavə vəsait ayrılacaq.
Xatırladaq ki, bir neçə il əvvəl Böyükşor gölü üzərindən yeni yol istifadəyə verilib. Həmin yol Balaxanı qəsəbəsinədək davam edir və əsasən Koroğlu nəqliyyat qovşağındakı sıxlığın azaldılmasına xidmət göstərir.