Gələn il bu müəllimlər sertifikasiya imtahanı verəcək - YENİLƏNİB
2024-cü ildə hansı müəllimlərin sertifikasiya imtahanları verəcəyi dəqiqləşib.
Bununla bağlı Elm və Təhsil Nazirliyi "Tam və ümumtəhsil məktəblərinin müəllimlərinin sertifikatlaşdırılması" layihəsi qanununa əsasən, 2024-cü ildə keçirələcək sertifikasiya imtahanlarının vaxtına dair müvafiq qərarı təsdiq edib.
Bununla bağlı bəzi müəllimlərə Elm və Təhsil Nazirliyi tərəfindən mesaj göndərilib.
Beləliklə, gələn ilə sertifikasiya imtahanları aşağıdakı ardıcıllıqla keçiriləcək:
- Riyaziyyat-İnformatika fənn müəllimləri - fevral (I zona) və mart (II zona) ayı;
- Xarici dil (ingilis, rus, fransız, alman) - may (I zona) və iyun (II zona) ayı;
- Tarix və coğrafiya - avqust ( I zona ) və sentyabr ( II zona) ayı.
Xatırladaq ki, 2022-ci ildə 11211 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesində iştirak edib.
2023-cü ildə isə 20 000-ə yaxın ibtidai sinif, 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırma prosesinə cəlb olunub.
Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış müəllimlərin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış müəllimlərin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
Bu il sertifikatlaşdırma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub.
Qeyd edək ki, bu il 606 nəfər ibtidafi sinid müəllimi təkrar sertifikasiya imtahanında minimum keçid balını toplamayıb, 137 nəfəri isə təkrar imtahanda iştirak etməyib. Nəticədə 733 müəllimin əmək müqaviləsinə xitam verilib.
Sertifikatlaşdırma prosesi 2026-cı ilin sonuna kimi mərhələli şəkildə davam etdiriləcək.
***
Elm və Təhsil Nazirliyi 2024-cü ildə hansı müəllimlərin sertifikasiya imtahanlarına cəlb olunacağına dair yayılan məlumatlara reaksiya verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı deyib:
“Ötən gündən başlayaraq müəllimlərin sertifikatlaşdırılmasına dair müxtəlif zonalar üzrə cədvəllər dərc olunur. Bu məlumatların heç bir əsası yoxdur.
Bizim media resurslarımız lazım olan vaxtda bütün məlumatları çatdıracaq”.