Məmməd Abasbəyli: "Rəqabət mühitinə təsiri minimallaşdırmaq üçün geniş qadağalar müəyyən ediləcək"
Rəqabət Məcəlləsi layihəsində dövlət və digər müvafiq orqanların rəqabət mühitinə təsirinin minimallaşdırılması üçün geniş qadağaların müəyyən edilməsi əksini tapıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, subsidiya və digər dövlət yardımlarının verilməsi prosesində rəqabət orqanının rəyinin alınması tələbi də sənəddə əks olunub.
"Bu, çox vacibdir. Bu gün bazardakı proseslərdən görə bilərik ki, hər hansı bir təşkilata, dövlət şirkətinə subsidiyalar verildikdə bunlar birbaşa azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərə rəqabət nöqteyi-nəzərdən böyük mənfi təsirlər göstərə bilər.
Buna görə də subsidiyalaşdırma mexanizminin rəqabət orqanı tərəfindən izlənilməsi və icazələrin verilməsi prinsipi Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsində öz əksini tapıb", - deyə M. Abbasbəyli əlavə edib.