Sığorta

İcbari sığorta müqavilələrinin artımı könüllü sığortadan 16% çoxdur. Könüllü ən çox nəyi sığortalayırıq?

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 846 milyon 854,45 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 618 milyon 920,68 min manat (artım 25,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 73,1%-ni təşkil edib.

Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 377 milyon 360,9 min manatdır. Artım 33,4%! 

Bunlara daxildir: Həyatın yaşam sığortası, həyatın ölüm halından sığortası, əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta.  

Qeyri-həyat sığortası üzrə sığorta haqları 241 milyon 559,7 min manatdır. Artım 14,5%!

Bunlara daxildir: tibbi sığorta, səfər sığortası, avtonəqliyyat vasitələrinin sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası.  

​​​​​​​Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (355 milyon 739 min manat), könüllü tibbi sığorta (91 milyon 226,5 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (107 milyon 622,65 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,5%-ni təmin edib.

Yanvar-avqust aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 345 milyon 796,35 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,9% çoxdur.

Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 274 milyon 138,6 min manat (artım 24,4%) və ya bazar üzrə bütün ödənişlərin 79,3%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 194 milyon 491,45 min manat (artım 23,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 79 milyon 647,1 min manat (artım 26,5%) məbləğində olub.

İcbari sığorta növləri üzrə sığorta haqları 227 milyon 933,76 min manat (artım 41,4%) təşkil edib.

İcbari sığorta növləri üzrə ödənişlər 71 milyon 657,7 min manat (artım 13,1%) təşkil edib.

Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (64 milyon 770,16 min manat), həyatın yaşam sığortası (193 milyon 407,9 min manat) və könüllü tibbi sığorta (48 milyon 633,07 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-avqust aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 88,7%-ni təmin edib.

Yanvar-avqust aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,4% artıb.

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.

AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (362,661 milyon manat), “PAŞA Sığorta” (207,881 milyon manat), “Qala Sığorta” (44,161 milyon manat), “Atəşgah Həyat Sığorta” (43,595 milyon manat) və “Atəşgah Sığorta” (26,661 milyon manat) daxil olub.

Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 80,9%-i bu 5 şirkətin payına düşüb.

Cari ilin yanvar-avqust aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (177,122 milyon manat), “PAŞA Sığorta” (53,844 milyon manat), “Azərbaycan Sənaye Sığorta (21,492 milyon manat), “Xalq Sığorta” (16,663 milyon manat) və “Atəşgah Həyat Sığorta” (16,036 milyon manat) qərarlaşıb.

Bu dövrdə sığortaçıların ödənişlərinin 82,5%-i bu 5 şirkətin payına düşüb.

2023-cü ilin yanvar-avqust aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,06% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)