Əhali qaz pulunu verə bilirmi? - RƏSMİ AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında “Azəriqaz” istehlakçılara 4,9 milyard kubmetr həcmində təbii qaz satışını həyata keçirib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
“Bu müddət ərzində İstehsalat Birliyi əhaliyə satdığı təbii qazın dəyərinin 100,3 %-ni toplayıb”, - V. Səmədov deyib.
Şöbənin rəis müavini vurğulayıb ki, əhali sektoru üzrə bu müddət ərzində satılan təbii qaza görə 30 milyon manatdan çox vəsait toplanılıb.
O, həmçinin vurğulayıb ki, bu ilin 8 ayı ərzində “Azəriqaz” tərəfindən əhali abonentlərinə 2,6 milyard kubmetr həcmində təbii qaz satılıb: “Əhali abonentlərinə satılan təbii qazın dəyərinin 108,9 %-i toplanıb. Bu son illərin ən yaxşı göstəricisi hesab olunur”.
Onun sözlərinə görə, gələn həftədən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 000 ədəd planşet alınacaq
V. Səmədov bildirib ki, bu planşetlərlə əhalinin qaz sərfiyyatı göstəricilərinin daha rahat şəkildə oxunması və qüsurların olmaması üçün əməkdaşlara paylanılacaq.