Sosial iqtisadiyyat

Hesablama Palatası Dövlət Xidmətində nöqsanlar aşkarladı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsait əhatə olunub.

Hesablama Palatasından bildirilib ki, auditlə əhatə olunan dövrdə xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9 faizinin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 faizinin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 faizinin (3730 abidə) balans mənsubiyyəti müəyyənləşdirilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməyib, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib. Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olmuş, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)